Yalçın Rzazadə vəfat etdi


Xalq artisti Yalçın Rzazadə vəfat edib.
Musavat.com xəbər verir ki, bu barədə sənətçinin oğlu məlumat verib. O, bildirib ki, uzun müddətdir xəstəlikdən əziyyət çəkən sənətçi bu gün axşam saatlarında 75 yaşında həyata gözlərini yumub.
Qeyd edək ki, Y.Rzazadə xəstəliyi haqda danışarkən mədəsində yaralar əmələ gəldiyini açıqlamışdı.
***
Xalq artisti Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. Yalçın Rzazadənin sənət yolu orta məktəbdə təhsil aldığı illərdən başlayıb. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirib. 1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub və 1973-cü ildə həmin təhsil ocağını bitirib. Azərbaycan Dövlət Teleradio Komitəsinə işə daxil olub və rejissor assistenti kimi əmək faəliyyətinə başlayır. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın “Dan ulduzu” ansamblına dəvət olunub.
Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan onun 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid “Durnalar” mahnısı olub.
İllər ərzində Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabit oğlu, Oqtay Kazımi, Telman Hacıyev, Elza İbrahimova, Oqtay Rəcəbli, Ramiz Mirişli, Nəriman Məmmədov, Kamal, Eldar Mansurov, Firəngiz Babayeva kimi bəstəkarlar ona mahnılar yazıb. Oxuduğu orkestrlərdən – Böyük Simfonik və Estrada- Simfonik Orkestrləri, Xalq Çalğı Alətləri Orkestri, Dan Ulduzu İnstrumental Ansamblı, Vaqif Mustafazadənin rəhbərliyi ilə “Sevil” vokal ansamblı, Əhsən Dadaşov adına “Xatirə” ansamblı, SSRİ-nin Yuri Silantyev və Aleksandr Mixaylovun rəhbərliyi ilə Estrada- Simfonik orkestrləri, Leninqradda Leybmanın rəhbərliyi ilə Caz Ansamblı ona müşayiət edib.
Bu illərdə Yalçın Rzazadə “Od içində” filmində baş rola – Əmir bəy roluna dəvət alıb. Bu filmdən sonra Yalçın Rzazadə yenidən filmlərə dəvət alsa da, çoxsaylı qastrol səfərləri, Azərbaycanın bölgələrində verdiyi konsertlər filmlərə çəkilməyə imkan verməyib. “Dədə Qorqud”, “Gün keçdi”, “Qaynana”,”Bayquş qayıdanda”, “Baladadaşın ilk məhəbbəti” kimi filmlərin musiqilərinə Yalçın Rzazadə öz ifası ilə ölməzlik bəxş edib.
1979-cu ildə əməkdar artist, 2000-ci ildə xalq artisti adına layiq görülüb. Bununla yanaşı 2 dəfə karate üzrə çempion olub.
Xalq artisti vəfat edənədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.
Allah rəhmət eləsin!


Tarix: 26-02-2021, 22:04


Bölməyə aid digər xəbərlər
22:04 / 26-02-2021
Yalçın Rzazadə vəfat etdi