İdlibdə atəşkəs elan olundu

Suriyanın şimalında kürd təhlükəsi Ankara və DƏməşqi yaxınlaşdıra bilər, Putinin Ərdoğanı Moskvaya dəvət etməsinin arxasındakı sirr

Avqustun 31-dən etibarən Suriyanın İdlib vilayətində “gərginliyi azaltma bölgəsi”ndə yeni atəşkəs rejimi qüvvəyə minəcək. Bu barədə məlumatı “Sputnik” Rusiyanın Suriyada tərəfləri uzlaşdırma mərkəzinə istinadən yayıb.

Mərkəzdən yayılan məlumatda qeyd olunur ki, İdlibdə vəziyyəti sabitləşdirmək üçün Suriya hakimiyyəti “gərginliyi azaltma bölgəsi”ndə 31 avqust 2019-cu il saat 6:00-dan etibarən tək tərəfli atəşkəsin elan olunması ilə bağlı razılıq əldə olunub. Açıqlamada vilayətdəki silahlı qrupların liderlərinə provokasiyalardan çəkinmək və nəzarət etdikləri bölgələrdə sülh və danışıqlar prosesinə qatılmaq çağırışı edilib.

Xatırladaq ki, bu həftənin əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvaya səfər edərək Rusiya prezidenti Putinlə görüşüb. Bu görüş zamanı Ərdoğan aviasiya və kosmos sərgisində iştirak etsə də, əsas məqsəd İdlibdəki əməliyyatlar və mühasirəyə düşən Türkiyəyə məxsus 9 saylı atəşkəsə nəzarət məntəqəsinin taleyi idi. Lakin maraqlıdır ki, Moskvada liderlərin keçirdiyi mətbuat konfransında hər hansı atəşkəs və ya razılaşmadan bəhs olunmamışdı. Ərdoğan daha çox İdlibdə atəşkəsə vurğu etmişdi, Putin isə 2018-ci ilin sentyabrında Ərdoğanla əldə olunmuş İdlib razılaşmasına istinad edərək İdlibdə terrorçulara qarşı əməliyyat keçirildiyini bildirmişdi.

Ancaq indi birdən-birə gözlənilmədən Rusiya tərəfi İdlibdə atəşkəs əldə olunduğunu elan edir. Əlbəttə ki, Suriya ordusu bu atəşkəsə əməl edəcək. Çünki belə anlaşılır ki, Ankara və Moskva İdlib məsələsində hansısa formada anlaşma əldə ediblər. Yəni Moskva hansısa səbəbdən Ankaranın atəşkəs təklifini qəbul edib. Hələlik Moskvanın razılaşmasının səbəbi məlum deyil.

Bu arada Suriya İnsan Haqları Müşahidə Mərkəzi avqust ayında Suriya hökumət qüvvələrinin İdlibdəki hərəkəti barədə hesabat yayıb. Hesabatda qeyd olunur ki, avqust ayı boyunca İdlibin bir çox bölgələrini vurub, çoxlu sayda yaşayış məntəqəsini azad edib. Təkcə ötən gün Suriya ordusu İdlibin cənubunda Xan Şeyxun qəsəbəsinin şərqində 3 kənd və iki qəsəbəni nəzarətə götürüb. Təşkilatın məlumatına əsasən son 4 ayda davam edən əməliyyatlar zamanı 920 nəfərdən çox mülki insan ölüb, 400 mindən çox insan isə qaçqın düşüb.

Türkiyəli jurnalist Murat Yetkin Ərdoğanın qəfil Moskva səfəri haqda hazırladığı analizində Putinin Ərdoğanı Dəməşqlə anlaşmağa sövq etdiyini yazıb. Yazar iddia edir ki, daha əvvəl Ərdoğanın yalnız sentyabrın ehtimal ki, 16-da Rusiyaya səfər edəcəyi planlaşdırılsa da, avqustun 23-də Putinlə telefonla danışan Ərdoğan 4 gün sonra Moskvaya qəfil səfər edib. Həmin vaxt isə Suriya ordusu İdlibin cənubunda irəliləyirdi və Türkiyə ordusunun İdlibin cənubunda yerləşən 9 saylı müşahidə mərkəzi Suriya ordusunun mühasirəsinə düşmüşdü.

Avqustun 27-də Ərdoğan aviasiya sərgisində iştirak etmək üçün Moskvaya gedəndə eyni zamanda ruslar S-400 batareyalarının Türkiyəyə təslimatının ikinci mərhələsini başlatmışdı.

Məsələ ondadır ki, Ərdoğan istənilən halda ordunu İdlibdən çəkmək istəmir. Çünki burada söhbət sərhədlərin təhlükəsizliyinin qorunması və qaçqın axını riskindən gedir.

O da müşahidə olunub ki, Ərdoğan ilk dəfə olaraq Suriya haqqında daha yumşaq ifadələr seçib, məsələn “qatil Əsəd” deyil, “qonşumuz Suriya” ifadəsinə üstünlük verib.

Maraqlı bir məqam da odur ki, Ankara da artıq Suriyanın şimalında baş verən proseslərin kürdlərin və onları dəstəkləyən Vaşinqtonun maraqlarına xidmət edir. Türkiyədə hesab edirlər ki, münaqişənin uzanması nəticədə kürdlərin muxtariyyət əldə etməsinə gətirəcək. Vaşinqton isə heç bir vəchlə Ankaranın YPG kimi təşkilatlara qarşı güc tətbiq etməsinə imkan vermir. Bu vəziyyətdə Ankaranın əsas təbii müttəfiqi yenə də Suriya hakimiyyəti olur. Çünki rəsmi Dəməşq kürdlərin siyasi status əldə etməsinə qarşıdır. Kürd məsələsi bu mənada Ankara və Dəməşqi yaxınlaşdırır. Maraqlıdır ki, Moskvada keçirilən mətbuat konfransında həm Putin, həm də Ərdoğan Suriyanın ərazi bütövlüyünə vurğu ediblər.

Bu mənada ekspertlərə görə, proseslərin bu şəkildə cərəyan etməsi tezliklə Türkiyə və Suriya arasında vasitəçilər üzərindən danışıqların başlaması mümkündür. Bunun üçünsə ilkin addım atılmalıdır. Bu addım isə İdlibdəki atəşkəs ola bilər.


“Yeni Müsavat”

loading...