“Dünyanı gözəllik xilas edəcək”

Ətrafımızda biznes və digər sahələrdə müvəffəqiyyətli olan bir çox qadın var. Müvəffəqiyyətli qadınların keçmişini və karyerada irəliləmə yollarını araşdırıb öyrənməyiniz motivasiya olmağınıza və ilham almağınıza kömək olacağını düşündüyüm ücün vaxtaşırı bu qadınlarla söhbət edib uğur hekayələrini sizinlə bölüşmək qərarına gəldim.

Bugünkü müsahibim vizajist-stilist İnci Öztürkdür.

– Inci xanım özünüzü bizə necə təqdim edərdiniz?

-Mən, İnci Öztürk , Azərbaycanlı olmagım ilə fəxr edən bir xanımam , ailəliyəm , iki övladım var. Stilist-vizajist eyni zamanda da hicab dizayneriyəm. 14 ildir ki bu işlə məşğulam.Ailə qurduqdan sonra bir müddət sevimli peşəmdən ayrı qalmalı oldum. Ancaq övladlar bir balaca böyüyən kimi həm ailə büdcəsinə qatqım olsun deyə , həm də öz peşəmə vurğun olduğum üçün işimə davam etməyə başladım. Xaricdə yaşadığım üçün Azərbaycanda tanınmıram. Amma hal-hazırda Azərbaycanda yaşadığım üçün istəyirəm ki, hicablı xanımlarımızın geyim seçimlərini artırmaq , qarderoblarını zənginləşdirmək üçün əlimdən gələni edim.    

-Düşünürsüz ki, hicablı qadınlarımızın qarderobları bu günə kimi formalaşmayıb?

Düzü, Azərbaycana qayıdandan müşahidə edirəm, mənə elə gəlir ki, örtünmüş qızlarımız, qadınlarımız sanki rəngarəngliKdən qaçırlar. Mən də 18 yaşımdan hicaba keçmiş biriyəm, amma bu mənə istədiyim rəngdə geyinmək üçün maneə olmur. Axı hicablı qadınların da ailəsi, həyat yoldaşı var, həmin xanımlar da öz ailələrinin yanında səliqəli, zövqlü, gözəl görünmək haqqına sahibdirlər. Axı islam dini gözəllik, zəriflik, mənəvi dəyərlər, əxlaq, elm dinidir. Bu din insanları xoşbəxt, nümunəvi, əxlaqlı yaşamağa yönəldib, qaraya bürünüb bütün gözəlliklərdən məhrum olunmağa yox. Ümumiyyətlə isə dində məcburiyyət deyilən bir şey yoxdur axı. Bəzən baxırsan ki doqquz yaşında körpə bir qızı qara örtüyə bürüyüblər. Təbii ki, bu həmin qızcığazın təbii seçimi deyil və bu qara libas onun arzularını, xəyallarını da qaraldır sanki, yaşıdlarından kənarlaşdırır. Və həmin bu qızlar örtükdən azad olunmaq üçün şans tapanda bəzən özlərini tapa bilmirlər, lazım olmayan tərəflərə yönələ bilirlər. Misal üçün adicə rəqs etmələrinə, deyib gülmələrinə ciddi qadağa qoyulmuş qızlar örtüklərini açanda hər qadağan olunanı bir anda yaşamaq istəyirlər və bəzən həmin qızların həyatı barlarda məhv olur. Halbuki onları rəngarəng örtüklərlə, əlbisələrlə böyütsələr, Allahımızın bizə bəxş etdiyi ən gözəl hisslərdən məhrum etməyə çalışmasalar, onlar nə baş örtüsündən qaçmaz , nə də lazımsız həyatlara həsədlə baxmazdılar. Bax mənim məqsədim Allahın yolunu tutub, dininin tələbinə uyğun olaraq geyinərək yaşamaq istəyən xanımlarımıza digər xanımlarımız kimi geyinməkdə, bəzənməkdə bol-bol seçim şansı yaratmaqdır.

-İnci xanım , düsünmürsüz ki , bu sözlərinizə görə müəyyən təbəqə insanlar üzərinizə gələ bilər fərqli fikirlərlə?

-(gülümsəyir) Axı hansı kitabda yazılıb ki, dindar bir insan filan rəngi geyinməməlidir? Peyğəmbərimiz belə geyimlərdə hər hansı bir rəng üçün israr etməyib. Ağ, sarı, qara, yaşıl və qırmızı rənglərdə olan geyimləri müxtəlif vaxtlarda geyinib. Amma iqlim tələb etdiyi üçün ağ rəngi tərcih edib, müsəlmanlara da bunu tövsiyə etmişdir. Bu gözəl dünyanı bizim üçün yaradan Allah yaratdığı varlıqların ən mükəmməli olan insana bu gözəllikləri yaşamağı, gülməyi, sevinməyi necə qadağan edə bilər axı? Insan hər şeyi əxlaq çərçivəsində yaşamağı bacarmalıdır.

Dərin mənaları əks etdirən “Dünyanı gözəllik xilas edəcək” – fikrini xatırlayıram. Düzdür , gözəllik sadəcə xarici görkəm deyil. Daxili saflıq, xoş niyyət və xasiyyət əvəzsiz gözəlliklərdəndir. Qadınlar yer üzünə bəxş olunmuş ən üstün varlıqlardır. Nə qədər zərif görsənsələr də, bir o qədər güclü və dözümlüdürlər. Mənim də etmək istədiyim bu mükəmməl varlıqların islərini bir az asanlaşdırmaga çalışmaqdır. Hər seyin ən gözəlinə layiq olan , həm örtünmək ,həm də zövqlü görünmək istəyən xanımlarımıza seçim ücün kömək etməkdir. 

-İnci xanım, hal-hazırda necə fəaliyyət göstərirsiniz? Bildiyimə görə Azərbaycana təzə gəlmisiniz. Sizə müraciət etmək istəyənlər hansı ünvana üz tutsunlar?

-Hal-hazırda online xidmət göstərirəm. Instagram ünvanımdan müraciət edirlər.

Instagram: @nurbanu.couture

Facebook: Nurbanu Couture

Sentyabrdan butik olaraq fəaliyyət göstərəcəyik. İndi ancaq hicab sifarişlərini götürürəm. Sentyabrdan isə həm də geyim sifarişlərini qəbul edəcəyik. Bizim butikə girən ,  öz toyu, qardaş-bacı toyu, övlad toyu, ad günü olan xanım istədiyi obrazı tapıb çıxa biləcək.

 

 

Könül Məmmədova

Kanalturk.az

loading...