Moşu adı üzərimə elə yapışdı ki…..

Valeh Kərimovla gecikmiş müsahibə…

-Valeh müəllim, əvvəlcə təşəkkür edirəm,dəvətimi qəbul etdiyiniz üçün. Sizinlə bu gün görüşmək istəməyim səbəbsiz deyil. Bu gün 28 May – Respublika günümüzdür. Və mən bildiyimə görə siz inqilab görmüş, qaçqın taleyi yaşamış birisiz.
-Mənim özüm yox, böyük çıxar bu söz ,mən uşaq olmuşam o vaxtlar. Atam inqilabçı olub. Qaçqın taleyi dedikdə isə ,mən özlüyümdə həmişə fikirləşirəm ki , Azərbaycan xalqının çoxunun taleyində həmişə qaçqınlıq olub. 1945-ci ildə Cənubi Azərbaycanda 21 Azər inqilabı olub ,Azər dekabr ayının adıdır. Dekabrın 12 -si orda 21 Azər idi. O vaxt Azərbaycan Demokratik Respublikası qurulub Cənubi Azərbaycanda ,eləcə də 1946-cı il dekabrın 12-də həmin inqilab süquta uğrayıb.Atam da həmin inqilabın fəal üzvlərindən biri olub. Cəmi 1 il yaşayıb bu Respublika ,amma bu bir il ərzində Cənubi Azərbaycanda çox böyük inkişaf gedib. Mən də ağızdan-ağıza eşitmişəm. 46 -cı ildə mənim iki yaşım var idi. Bir il ərzində Təbrizdə teatr, filarmoniya açılıb , Azərbaycan dilində məktəblər açılıb ,qəzetlər çıxıb , kitablar çap olunub. Əsl azadlıq əhval ruhiyyəsi olub.Camaat necə fəxrlə, sevinclə yaşayırmış həmin günləri.
-Kasıb , zəhmətkeş ailənin optimist nümayəndəsi Valeh müəllim, sizin simaniza yaxından baxanda roldakı Moşudan əsər əlamət yoxdur. Çox ciddi simanız var.
-Elədir. Əslində mən həyatda zarafatcıl deyiləm. Amma bu Moşu obrazı mənim üzərimə elə yapışıb ki… Çox adamlar məni kənardan görəndə deyir ki , gəl bir az oturaq söhbət edək , eynimiz açılsın. Deyirəm, vallah mən ürəkaçan adam deyiləm, mən nə lətifə bilirəm ,nə də güldürməyi bacarıram. Səhnə mənim sənətimdir , çıxıram səhnədə rejissor deyəni edirəm. Evdə , ailədə az danışanam,düzü , cəmiyyət adamı deyiləm. Özüm öz xasiyyətimi yaxşı bilirəm,mənim pis cəhətlərim daha çoxdur, nəinki yaxşı cəhətlərim. Təvazökarlıq kimi anlamayın, həqiqətən beləyəm,belə yaranmışam. Çox vaxt tamaşaçılar belə düşünür ki, bu artistdirsə ,bizi guldurməlidir hər yerdə. Gedirsən bəzi televiziya kanallarına, əvvəldən deyirlər ki, Valeh müəllim, elə bir şey danışın ki ,gülməli olsun. Deyirəm, mən onu bacarmıram . Nə danışım axı gülməli? 

-Valeh müəllim,son vaxtlar Azərbaycanda ümumiyyətlə hər sahədə islahatlar gedir. Hər halda siz də bunu müşahidə edirsiniz.
Götürsək elə Mingəçeviri bir neçə il əvvəlki halı ilə ,bu günkü halı arasında fərq gözlə görüləcək qədərdir. Mədəniyyət sahəsinə , incəsənət xadimlərinə isə xüsusi diqqət və qayğı hiss olunur.Bu yaxınlarda Cənab Prezidentimizin incəsənət xadimləri ilə görüşü oldu və həmin görüş zamanı “Bəxt üzüyü” filmindəki tərəf müqabiliniz Afaq xanım Bəşirqızı çox uğurlu bir çıxış etdi. Bir neçə gün öncə də bir çox mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar verildiyi. Bu diqqət və qayğı həmişə var idi?
-Diqqət , qayğı həmişə var idi, amma indi artıb. Bu çox yaxşı haldır ,bütün incəsənət adamları bu addımı gözləyirdilər ,bir təkan lazım idi onlara ki , problemlərini dilə gətirsinlər. Prezident bütün incəsənət xadimlərini yığıb onların dərdini ,fikrini öyrənmək istəyir, onlar problemi deməyəndə onların özlərinə münasibət dəyişir. Bəziləri çəkinir, bəzilərinin özlərinin ehtiyacı yoxdur, başqalarının problemini də dilə gətirmək istəmir.Amma Afaq xanım çox yerində bütün teatrın dərdini dedi. Afaq xanım bir aktrisa kimi sevilirdisə , bir o qədər də sevgini öz hünərinə , cəsarətinə görə ,sözü yerində dediyinə görə qazandı. Bu , teatr , incəsənət aləmində bir partlayış oldu. Həmin problemlər deyilən gündən bu günə, doğrudan da teatrda çox şeylər dəyişib ,əmək haqqları artıb. İndiki zəmanədə bu az iş deyil. Dolanışığa xeyli köməkdir. Sağ olsun Afaq xanım da , sağ olsun Prezidentimiz də. Əslində , düşünürəm ki ,bunu Prezident özü istəyirdi ki, onlar öz problemlərini özü desin , sadəcə cürət edib deyən yox idi. Mənə elə gəlir ki,Afaq xanıma Prezidentin özünün məhəbbəti, hörməti artdı, cəsarətinə görə rəğbəti artdı. Bu iki tərəfli yox ey ,üç tərəfli hamının xeyrinə olan bir çıxış oldu.

– Son qərarla bağlı ziddiyyətli fikirlər səsləndi. Dedilər ki ,bəzi adlar ,misal üçün Musa Yaquba verilən xalq şairi adı gecikmiş verilib.Əgər belədirsə ,bu kimin günahıdır?
– Hər işə, hər adama Prezident şəxsən vaxt ayıra bilməz, bu həmin siyahını təqdim edənlərin günahıdır. Göz qabağında olan adamları təqdim edirlər , Musa Yaqub kimi bir az mərkəzdən kənarda olanlar qalır kənarda.Musa Yaqub beş ildir yataqdadır , elə bu beş il öncə verilsəydi ,o da ayaqüstəykən bəhrəsini görərdi. Aidiyyatı olan qurumların məsuliyyətsiz yanaşmasının nəticəsidir bu. Belə adamlar özləri haqqında vəsatət qaldırmırlar  , belə adamların qeydinə kimsə qalmalıdır. Oturub kənddə ,yazır , yaradır. Mütləq mərkəzdə yaşamalıdır ki, yada düşsün? Böyük Şoloxov var idi, “Sakit Don ” və s.kimi böyük əsərlərini kənddə yaşayıb yaratmışdı.Tolstoy da , deyilənə görə,kənddə yaşayıb , yaradıb. Musa Yaqub da kənddə yaşadığı üçün diqqətdən kənarda qalmalı deyildi. Götürək teatrı , rayon artisti şəhər artistindən çox əziyyət çəkir , çünki mərkəzdən kənardır. Kinostudiyalar film çəkəndə də rayon artisti dəvət etmirlər ,xərci azaltmaq üçün. Baxmayaraq ki ,misal üçün Mingəçevirdən gələn artist həmin film üçün daha uğurlu seçim olardı.
İşlərini asanlaşdırmaq üçün ən yaxından istifadəyə edirlər.

– Mən bildiyimə görə sizin ilk ixtisasının energetika ilə bağlı olub. Bəs incəsənət aləminə yolunuz necə düşüb?
– Həə… O vaxtlar fərqli idi hər şey. Yaşayirdiq Samux rayonunun kəndində. Boyuk bir Sovxoz idi, əhali üzümçülüklə məşğul idi.Anam da orda işləyirdi.
Əsas marağım rəssamlığa idi.O zaman üç dost birləşib getdik Bakıya,texnikuma daxil olmaq üçün. Başımız da çıxmırdı qaydalardan. Atam da ki belə işlərə qarışmazdı, istəyərdi uşaq gələcəyini özü qursun ,özü özünə bir gün ağlasın. Nə isə.. Getdik Bakıya ,məlum oldu ki rəssamlıq üçün gecikmişəm, dostlarıma da bir bəhanə ilə yox dedilər.Qohumsuz , arxasız uşaqlar idik. Orada bizi başa saldılar , gəlib Göyçayda Kənd təsərrüfatının mexanizasiya və elektrikləşdirilməsi texnikumuna daxil olduq. Bitirdim texnikumu.Artıq Bakıya köçmüşdük.O vaxt bütün məktəblərdə, klublarda özfəaliyyət dərnəkləri var idi.Evimiz də indiki Bakıxanovda Mədəniyyət sarayının yanında idi. Günlərin bir günü getdim ora, dram dərnəyi məni cəlb etdi.o zaman televiziya yox idi ,radio var idi. Radioda gözəl aktyor səsləri ilə verlişlər gedirdi. Bax o aktyor səsləri məni məhv elədi.Orda da bir iki rol oynayıb həvəsləndim, müəllimlər də bir az həvəsləndirlər , həmin il gedib instituta sənədlərimi verdim və qəbul oldum . Bitirəndə də diplom tamaşalarda müəllimlər gəlib oturardılar . Mən gecə fakültəsində oxuyurdum ,gündüz işləyirdim. Mənim gecə oxuduğum kursda gündüz oxuyurdu Səməndər Rzayev, Ceyhun Mirzəyev , Hicran Hüseynov , Mingəçevir teatrının direktoru işləmiş Mirbaba rəhmətlik. Yəni sonralar dahi olan bu sənətkarlarla paralel oxumuşam. Onların diplom tamaşalarında mən də oynayırdım. Elə oldu ki ,o vaxt rejissorumuz Nəsir müəllim ,hansı ki , “Bəxt üzüyü”ndə veteran rolunda gedir, diplom tamaşasında gəldi ,məni təbrik elədi,dedi ki , Sumqayıtda teatr açılır,mən də orda baş rejissoram, bitir gəl ora. Dedim, baş üstə. 45 il işlədim Sumqayıt teatrında.
Hal hazırda həmin teatrda işləyirsiz?
– Xeyr , beş ildir ki, məni yaşıma görə lazımsız bir əşya kimi atdılar teatrdan.Dedilər ,70 yaşın var ,çıx get.
Mən çox şükür edirəm ki, Prezident təqaüdçüsüyəm ,məni dövlət yaşadır. Amma orda bu təqaüdü almayan insanlar var. 200- 250 manat təqaüdlə necə dolanmaq olar? Mən bekar dayana bilmirəm. Sağ olsun Mingəçevir Dövlət dram teatrı ,artıq ikinci tamaşanı hazırlayır mənimlə. Mən gəlib burada həm tamaşa səhnəyə qoyuram ,həm də içimdəki o azarı öldürürəm. Kollektiv də sağ olsun ,bütün qüvvələrini sərf edirlər.
– Valeh müəllim, fikir vermisinizsə, Mingəçevir tamaşaçısı teatra gəlir. Hətta deyərdim mərkəzdən daha yaxşıdır burda teatrın tamaşaçı sarıdan vəziyyəti.
– Bir Gəncədə belə görmüşəm ,bir də Mingəçevirdə. Məsələn ,mən ilk tamaşamı burda səhnəyə qoyanda beş gün o zal dolub boşaldı.Onda gördüm camaat necə həvəslə gəlib baxır . İndi də hamı doğmalaşıb mənə. Küçədə görən kimi yaxınlaşıb sual verirlər , təzə tamaşa olacaqmı , soruşurlar.
-Televiziyadan fərqli olaraq teatrda tamaşanı izləmək başqa bir zövqdür.
– O başqa şeydir, onu hər adam anlamaz. Onu bir teatr adamı başa düşür ,bir də teatrın həvəskarları , ölüləri ,o sənətin vurğunları.
Teatr sevgisini tamaşaçılara aşılamaq lazımdır. Gərək səhnəyə tez -tez yeni tamaşalar qoyula. Bir , iki , üç dəfə o zövqü dadan insan teatrdan əl çəkməz. Teatr yaxşı mənada xəstəlikdir.
– Bəzən gəlirik teatra ,oyunçu xatirinə gəlirik .
Bəzi filmlərimiz var SSRİ dövründə çəkilib, dövrün tələblərinə uyğun ssenarisi var ,hansı ki bizim üçün maraqlı deyil. Amma o filmlərdə o qədər mükəmməl sənətkar oyunları var ki . Bax o sənətkarların xatirinə həmin filmlər hələ də sevilərək izlənir.Teatda da bəzən belə olur . Ssenari zəif olsa da , aktyor oyunu tamaşaçını cəlb edə bilir.
-Bu yazını oxuyan rejissorlar ,bəlkə inciyəcək məndən,amma Azərbaycan tamaşaçısı rejissora görə teatra getmir, artistə görə gedir. Artisti bəyəndilərsə , teatra gedəcəklər. O ki qaldı teatrın  təbliğ məsələsinə , çox təəsüf ki, bəlkə də ,20 ildir məktəbliləri teatrdan kənarlaşdırıblar.Məktəblərə bilet satılardı əvvəllər , tamaşa göstərilərdi. Tamaşaçı baxçada kukla teatrları ilə yetişir ,məktəbdə məktəbli tamaşaları ilə. Bunların ardı arası kəsildi deyə , tamaşaçı yetişmədi. Amma indi Mingəçevirdə imkan yaradılır bunlara.Bu artıq böyük addımdır. Tutaq ki ,məktəbdə uşaq “Hacı Qara”nı keçir ,sabah gəlib teatda baxır , teatrda baxdığı onun yaddaşına ömürlük həkk olur .

-Elə bir rol varmı ki , oynaya bilmədiyiniz üçün təəssüflənirsiz?

-Bir deyil , çoxdu belə rollar… Keçdi daha…

-Özunuz səhnələşdirmək istəməzsiniz , baş rolunu özünüz oynayacağınız həmin tamaşaları?

-Bilirsiniz, bu o qədər də asan deyil. Rejissor olaraq hazırladığım tamaşalarda oynarkən öz rolum o qədər də mükəmməl alınmır. Bütün enerjimi verirəm tamaşanı hazırlamağa ,digər aktyorların qüsursuz oynamasına , hətta tamaşa zamanı fikrim digər aktyorlarda olduğum üçün öz roluma diqqət edə bilmirəm . İstəyərdim ki ,mənimlə yaxşı bir rejissor işləsin.
İndi gördüyünüz kimi gündəlik seriallar dəbdədir. Və bunu çəkilməsi üçün də kifayət qədər məbləğ sərf olunur. Düzdür , keyfiyyətli nəsə alındığını düşünmürəm. Səbəbini də çəkilən aktyorların sənət baxımından zəif olması olduğunu düşünürəm. Bəs siz bu günə kimi heç dəvət almamısınız , seriallara çəkilmək üçün?
Almışam.Seriallar lap təzə başlayanda. Mən bir kanala dublyaja gedirdim .Dedilər ki , bir rejissor axtarır sizi. Cavan bir oğlan idi . Dedi ki ,abi, biz serial çəkirik , istəyirik ki ,sizi də orda görək. Yarın biz başlıyoruz . Dedim bəs ssenari ? Bir vərəq verdilər mənə ki bunu oxu ,ardını çəkiliş vaxtı fikirləşəcəyik. Mən də belə şey görməmişəm axı . Biz görmüşük ki , bir 50 səhifəlik ssenari verilə , onu oxuyub beynimizdə obrazı yaradaq. Alınmadı bu iş.
Bir neçə gün əvvəl yenidən müraciət gəlib. Gənc bir oğlan Bakıdan zəng vurub ki ,bəs uşaqlıqdan mənim arzum olub sizinlə filmə çəkilmək. Mən də başa salıram ki ,hələ ayın 15 – nə kimi Mingəçevirdəyəm . Nə qədər desəm də , dünən bakıdan gəliblər Mingəçevirə. Hətta bir az baha qiymət dedim ki ,bəlkə yayınalar fikirdən. Nə dedim onunla razılaşdılar. İndi sağlıq olsun , qayıdandan sonra başlayacayıq çəkilişə.
Bir dəfə də olub , dəvət edib bir bölümə çəkib sonra yox olublar. Sonralar başa düşdüm ki ,onlara bu reklam üçün lazım imiş. Bir seriya da olsa , tanınmış biri görünsün, tamaşaçı yığmaq üçün. 
Həm də qəribə işlər var ey , məsələn , türklər gəlib bizdə film çəkir ,öz aktyoruna verir 5000 , bizimkilərə verir 300 AZN. Deyəndə də deyir ki ,bu sənin bir aylıq əmək haqqın qədərdir , mənsə sənə 1 gündə verirəm.
– İndi hər sözü danışanda da düz gəlmir ,amma bu bizimkilərin onların ağlına yeritdiyi bir şeydir. Deyirlər ki , narahat olmayın ,300 versəz bəsləridir.
Bir sözlə , özümüzə dəyər verməyi öyrənməmişik. 
Valeh müəllim ,çox təşəkkür edirəm , səmimi söhbətiniz üçün. Sonda bizə arzularınızı bilmək istərdik.
Bu xoş gündə sizə arzum Müstəqil Azərbaycanın gözəl günlərinin , xoş xəbərlərinin saytınızda yer almasıdır. Doğruların yanında olmaq bir uğurdur. Uğurlarınız bol olsun.

 

Könul Məmmədova

Kanalturk.az saytı uçun.

loading...