İntihar çıxış yoludurmu?

Bəlkə də  elə bir  insan yoxdur ki, həyatında

bir dəfə də olsun intihar barədə fikirləşməsin.

Uilyam Ceyms.

Son zamanlar ölkə gündəmini və mətbuatı zəbt edən mühüm hadisələrdən biri də intihar xəbərləridir.Xüsusilə,yeniyetmə və gənclər arasında daha tez-tez rast gəldiyimiz intihar olaylarına nəzər salsaq görərik ki,birmənalı olaraq insanların bu davranışlara yanaşma tərzi müxtəlifdir.

İntihar nədir? Buna gətirib çıxaran səbəblər hansılardır?-İlk öncə bu sualların cavabını verməyə çalışaq.Qəza olaraq və şüur yerindəykən bədbəxtlik nəticəsində özünü öldürməyə “İntihar” ( suisid) deyilir.İnsanlar müxtəlif səbəblərdən həyatlarına son qoyurlar.İntihar qarşısı alınabiləcək ölüm səbəbidir.Bu qərarın alınmasına səbəb olan amillər çox müxtəlifdir.Çox zaman bir neçə faktor birlikdə bu davranışın meydana çıxmasına ,intihara gətirib çıxarır.

   İntihar şəxsin hissi, psixi və ya sosial səbəblərin təsiri ilə öz həyatına son qoyması kimi qiymətləndirilir.Bütün bu sadaladıqlarımızdan belə nəticəyə gəlmək olar ki, intihar vacib sağlamlıq problemlərindən biridir.

Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki,bütün dünyada orta hesabla il  ərzində 1.100.000 nəfər insan intihar edir.Statistik məlumatlara görə intihar edənlər içərisində qadınlara nəzərən kişilərin sayı 4 dəfə artıqdır.Dünya Səhiyyə Təşkilatının bölgüsünə əsasən intihar hadisələri baş verən ölkələri daha çox,orta və az sayda intihar hadisələrinə görə  3 qrupa bölmək olar.Bölgüyə əsasən daha çox intihar hadisəsi baş verən ölkələrə liderliyi Latviya Respublikası edir.Orta dərəcəli intihar hadisələri baş verən ölkələr sırasında birincilik Finlandiyanın,az sayda intihar hadisələri baş verən ölkələr sırasında isə birincilik Avstraliyanın payına düşür.Az sayda intiharlar baş verən ölkələr siyahısında Azərbaycan sonuncu yerdədir.

İntiharların səbəbləri daha çox sosial-iqtisadi vəziyyətin aşağı olması, ailədaxili münaqişələr, ixtilaf,psixi pozuntular, şiddətə meyllilik və düşünməmə faktoru olaraq vurğulanır.

14-24 yaş arası hər bir insan üçün keçid mərhələsi sayılır.Yeni həyat bacarıqları tələb olunan bir  məqamda yeniyetmələrə dəstək verilmədiyi vaxt çətinlikləri idarə edə bilmirlər .Məktəb imatahanları,sevgi,ailə daxili münaqişələr uşağın özünə qapanmasına depressiv vəziyyətə düşməsinə səbəb olur.Bu vaxt uşaq özünə  birinci çıxış yolu kimi intihar yolunu  seçir.Böhran vəziyyətində olan uşaq üçün isə  hər hansı bir intihar forması təqlidi modeldir.Ona görə də ictimai səhiyyə ilə məşğul olanlar ilk növbədə medianın intihar xəbərlərini verməsinin yeri və rolu mövzusunda müzakirələr aparırlar.İntihar xəbərləri cəmiyyətdən gizlədilməməlidir.Amma bu xəbərlərin verilmə etikası və çərçivəsi olmalıdır.Belə mövzulara xəbər hazırlayarkən mütləq psixoloqlarla məsləhətləşməli,həssas təbəqələr nəzərə alınmalıdır.Narahatlıqla qeyd edə bilərəm ki,bu gün Azərbaycan reallığında intihar bir təqlid modelidir.Təəssüflər olsun ki, bu gün reytinq arxasınca qaçan bəzi sosial medianın hazırladığı “şok olay”,”şok görüntü” başlıqları,intihar edənin şəkli,cəmiyyətimizə böyük zərbələr vurur.

Bu gün cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, əgər intihar haqqında danışsaq ,onu müzakirə etsək , kiminsə beyninə intihar fikrini salmış olacağıq.Həqiqət isə bundan ibarətdir ki,intihara meylli və ya bu davranışı düşünən bir çox insan onların acılarının hiss edildiyini və onlara kiminsə kömək etmək istəməsini görəndə rahatlayır,dinclik tapırlar.İntihar edən insanların bir çoxu müəyyən siqnallarla başqalarını xəbərdar edirlər.Mühüm olan, zamanında bu siqnalları bilmək və həmin insanla danışaraq intiharın qarşısını almaqdır.Əgər kiminsə intihar etmək istəyi barədə məlumatlısınızsa onları dinləyərək kömək edə bilərsiniz.Bir çox hallarda insanlar intiharı, onlara başqa çıxış yollarının qalmadıqlarını , həyatları üzərində nəzarətin olmadıqlarını,heç kimin onları nəzərə almadıqları zamanda  düşünürlər.Onlara necə önəmli olmalarını hiss etdirsək bu onları bu davranışdan çəkindirməyə yetəcəkdir.

Bu sahədə psixoloqlarla yanaşı, həm pedaqoqların,eləcə də ayrı-ayrı fərdlərin ətrafdakı insanlarla müsbət yönümlü  təbliğat aparmaları çox mühümdür.Kiçik yaşlı uşaqlardan başlayaraq hər yaş kateqoriyasında olan insanlarla söhbət aparmaq onaları bu mövzuda məlumatlandırmaq və bu tip davranışlardan uzaqlaşması üçün istər cəmiyyətimizin,istərsə də ailədəki yaxınlarının təsiri danılmazdır.

Sonda bu fikirlərimi bölüşməyi, bu düşüncələrimi paylasmağı öncəliklə bir insan, bir  valideyn və bir pedaqoq kimi özümə borc bilirəm.Heç bir səbəb intihara əsas ola bilməz,olmamalıdır.Ən adi şeylərdən xoşbəxt olmaq…bunu bacarmaq o qədər də çətin deyil..Bir xoş sözlə üzlərdə təbəssüm yaratmaq çətin deyil.İnsan istərsə ,qarşısına məqsəd qoyarsa ,beynindəki bəd fikirlərdən uzaqlaşar,içindəki sönən işığı yandırar.O zaman isə ən böyük çətinliklərin öhdəsindən gəlmək çox asan olar.

Unutmayın heç bir kitab intiharı təbliğ etmir.Mütaliə edin,dünyagörüşünüzü artırın,özünüzü tanımağa çalışın.Ətrafınızdakı gözəlliklərə biganə qalmayın. Və düşünün…Düşünün ki, Bu dünyada sizdən qat-qat acınacaqlı vəziyyətdə olanlar var.İntihar bir xilas yolu deyil.Sizdən sonra yaxınlarınızın,doğmalarınızın halını düşünün.Onlara əzab vermək bu qədər asandırmı?

Sizin bu dünyadan gedişinizin nə qədər adamı məhv edəcəyini düşünün.Yaşamağı,yaratmağı, başqalarına kömək olmağı ən ümdə amal sayın.Qəlbinizi qara fikirlərdən təmizləyin,içinizi sevgiylə,ümidlə,sülhlə doldurun.  Bu gün bezib, imtina etdiyiniz, davam etməsini istəmədiyiniz bu həyat bəlkə də  bir başqasının əlçətmaz arzusudur…

Əgər bu yazını oxuyanlardan bir nəfəri də olsa belə intihar fikrindən daşındırmışamsa, özümü başqa birinə həyat vermiş ən xoşbəxt insan hesab edərəm.

Xanım Əliyeva

 

 

loading...