Vicdan – onu heç kim görməyib…

Deyirlər o ürəkdə yerləşir. Səhv nə isə etdikdə ürəyi daim ağrıdır. Onu heç kim görməyib. Amma hamı ona inanır.
Görməyib varlığına inandığımız bəzi varlıqlar kimi.
Daxilimizdə yaşayan bu böyük hakimin adına “VİCDAN” deyirlər.
Vicdan daxilimizin aynasıdır. Onu təmiz saxlasan səni heç vaxt narahat etməz. Səhv nə isə etdikdə vicdanımız bizi daima narahat etməyə başlayar, beynimiz isə hər vəchlə onu susdurmağın yollarını axtarar.
Vicdanı rahat olmayanın ruhu da heç vaxt rahat olmaz və o heç vaxt rahat yaşaya bilməz.
Vicdan ədalət kimidir.
Ədalət cəmiyyətin tərəzisi, vicdan isə insan əməllərinin tərəzisidir.
İllərdir insanlıq bu ki, qaydalara, prinsiplərə inanaraq yaşayıb.
Elə mən də…
Hərdən düşünürəm, bəlkə elə “vicdan” insanlığı çərçivəyə salmaq, insanların əməllərini məhdudlaşdırmaq üçün uydurlmuş bir icaddır.
Bəlkə heç o mövcud deyil…
 
Hind filosofu Osho vicdan haqqında belə yazırdı:
Vicdan- ictimai məhsuldur, təbii deyil, cəmiyyət səni içdən idarə etmək üçün yaradıb onu.
” Uşaq doğuldu gündən onun daxilində vicdan hissini yaratmağa başlayırıq. Onu yaradaraq insanın daxilindəki hər şeyə nəzarət etmək istəyirlər.
Ağıllı bir icad yolu ilə- vicdanla…
Bu icadı insan daxilinə yerləşdirdikdən sonra, durmadan sənə təzyiq etməyə başlayır: “bu doğru deyil, bunu etmə, əzab çəkəcəksən, vicdanın narahat olacaq və s. kimi”
 
Vicdan dediyimiz bu ədalətli hakim illərdir ki, insanın bir bütün olmağına heç vaxt imkan verməyib.
Sənə heç vaxt qadağa və sərhədlərin olmadığı, istədiyin şəxs olmaqda tamamilə azad olduğun bir həyata icazə verməyəcək də.
Çünki artıq çox illərdir insanların beyinləri müəyyən nəsnələrə kodlaşdırılaraq çalışır.
Bu kodu açaraq orda yerləşdirilmiş icadları məhv etmək mümkünmü?..
Bu sualın cavabını heç mən də bilmirəm.
Bildiyim o ki, bu həyatda nə varsa, nə yaşayırıqsa hamısı insanlıq tərəfindən uydurulmuşdur.
Yalnız onu bilirəm ki, həyatda olmağın canlılığını hiss etmək istəyirsənsə, həyatın ehtiyacı olan tək şey sənin onu bütünlüklə yaşamandır.
Çərçivəsiz, sərhədsiz, azad, amma məsuliyyətli…
Sevil Ülvi
loading...