“Mançester Siti”ni çempion edən qollar – VİDEO

İngiltərə Premyer Liqasında 2018-2019 mövsümünün qalibi müəyyənləşib.

Qol.az-ın məlumatına görə, son turda səfərdə “Brayton”a 4:1 hesabı ilə qalib gələn “Mançester Siti” xallarının sayını 98-ə çatdıraraq, liderliyini qoruyub və ardıcıl 2-ci, ümumilikdə isə 6-cı dəfə çempion olub. “Şəhərlilər”in ən yaxın izləyicisi “Liverpul” isə evdə “Vulverhempton”u 2:0 hesabı ilə məğlub etməsinə baxmayaraq, liderdən 1 xal geri qalıb və gümüş medallarla kifayətlənib.

Mövsümü 72 xalla başa vuran “Çelsi” 3-cü, 71 xallı “Tottenhem” isə 4-cü olub. Beləliklə, “Mançester Siti” və “Liverpul”la yanaşı, bu iki London klubu da Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə ediblər.

Londonun digər təmsilçisi “Arsenal” 70 xalla mövsümü 5-ci pillədə bitirib və Avroliqanın qrupunda oynamaq hüququ qazanıb. 66 xalı olan “Mançester Yunayted” isə 6-cı yerlə kifayətlənib. “Qırmızı şeytanlar” gələn mövsüm Avropa Liqasında mübarizəyə təsnifat mərhələsindən başlayacaq.

Qeyd edək ki, “Kardiff Siti”, “Fulhem” və “Haddersfild” isə Premyer Liqanı tərk ediblər.

loading...