“Ruhi azadlıq” Sevil Ülvi yazır

Həyatın sənə Tanrı tərəfindən hədiyyə olduğunu düşün… İnsanlar hədiyyəni çox sevər və onu qiymətli nəsnə kimi qoruyarlar. Elə isə həyatımız da bizə uca Yaradan tərəfindən hədiyyədir, bəs onu layiqincə qoruya bilirikmi?.. Həyat- o sənə verilmişdir, onu yaşamaq, yaratmaq isə öz əlindədir. Və onu sadəcə, azad şəkildə seçim edərək, öz yolunu seçərək yarada bilərsən. Bəli, səhv yola düşmək, səhvlər etmək ehtimalın var, buna görə narahat olmağa dəyməz – səhvlər və yolundan çıxmaqlar hamısı böyümənin parçasıdır. İnsan yer üzündə azadlığa sahib olan tək varlıqdır. İnsan sadəcə azad deyil, o həm də AZADLIĞIN özü olduğunu anlasa bütün yollar onun üçün açıq olar. Həyat sənə hədiyyə olaraq verilmiş ola bilər, lakin bu həyatın içində həqiqət, azadlıq kimi qiymətli nəsnələri dadmaq, yaşamaq üçün onları özün yaratmalısan. Onları yaratdıqca içində qəribə bir həzz duyğusu yaranacaq, sanki, özünü yenidən yaradırmışsan kimi hiss edəcəksən. Kim olursan ol, mütləqdir ki, azad ol. Çünki azadlıq səni köləlikdən göylərə qaldıra biləcək yeganə nəsnədir. Kaş ki, bütün insanlar “Ruhi azadlığın” nə olduğunu hiss edə, anlaya bilsələr… Bəzən biz öz iztirablarımızı o qədər sevirik ki, azadlıq sözünün mahiyyətini anlaya bilmirik. Əslində insanlara ən vacib olan nə siyasi, nə iqtisadi, nə də ki, xarici azadlıqdır. Mənim bəhs etdiyim “Ruhi Azadlıqdır.” O sizin əlinizdən alına bilməz! O qandallana, zəncirlənə bilməz! İztirablarınızın, həyatdakı çətinliklərin ruhi azadlığınızı yaralamasına izn verməyin, çünki o yara sağalmır. Bu yolda izləyici deyil, həm də iştirakçı olsan, yalnız o zaman sirri anlaya bilərsən.

loading...