Dastan yazan sərkərdə- Hülaku xan

Atası Çingiz xanın ən kiçik oğlu Toluy (Dolu) xan, anası Kereit hökmdarı Toğrul xanın qardaşı Caxa-Qambunun qızı Sörköktəni xatundur. Toluyun 1232-ci ildə hələ qırx yaşında ikən ölməsinə görə Böyük xan Ögedəy qardaşına aid yer-yurdların idarəsini Sörköktəni xatuna verdi. Bir xristian olan Sörköktəni xatun, dönəmin qaynaqlarındakı bilgilərə görə oğullarının təhsilinə Buddist Uyğur türklərindən Sevinc Toğrul, Bulad Kaya, Mungsuz və Törə Kaya kimi Çingiz xanın yaxın adamlarını cəlb etmişdi.
Hülakunun uşaqlıq və gənclik illərinə aid bilgilər məhdud olub, sadəcə babası Çingiz xanın qərb səfəri sırasında onunla ilgili bir qeyd vardır. Buna görə Çingiz xan, nəvələrindən on bir yaşındakı Kubilay ilə doqquz yaşındakı Hülakunu İmil çayı yaxalarında ilk ovları dolayısıyla mükafatlandırmışdır. Bundan başqa gənclik illərində Qarakorumda vergi və pul işləriylə məşgul olduğuna dair bəzi bilgilər daha vardısa da bunları ehtiyatla qarşılamaq gərəkir, çünki Monqol ənənəsinə görə şahzadələrə bu vəzifənin verilməsi uzaq bir ehtimaldır.
 
Çingiz xan dönəmində qərbdə ələ keçirilən torpaqlar mərkəzdən göndərilən mülki və hərbi valilər tərəfindən idarə edilirdi. Ancaq yörənin mərkəz Qaraqoruma olan uzaqlığı və digər bəzi səbəblərdən dolayı qərb yönündə gözlənən irəliləmə gerçəkləşmədiyi kimi mövcud torpaqlar da təhdid altında qalmışdı. Bu üzdən Məngü xan, mərkəzi hakimiyyəti gücləndirmək və şərqdə də, qərbdə də sərhəd-sınırları genişlədə bilmək üçün qardaşlarından Xubilayı Çinə, Hülaku xanı Yaxın şərqə göndərmişdi. Alınan qurultay qərarınca hər iki şahzadəyə də Monqol ordusunun onda ikisi veriləcək, bununla yanaşı digər xanədan üzvləri də güclərinə görə bu səfərlərə qatılacaqdılar. Məngü xanın ölməsi və dəyişən bəzi şərtlər səbəbiylə Hülaku və Xubilay onlara verilən vəzifəni tamamladıqdan sonra Qaraqoruma dönməmişdilər və idarələri altındakı torpaqlar üzərində mərkəzə bağlı iki ayrı Monqol dövləti qurmuşdular. Beləcə Hülaku, Qaraqorumda oturan böyük xanın nüfuzu altında qalmaq şərtiylə qərbdə zəbt etdiyi torpaqları idarə etməyə başladı. Elxanlı hökmdarlarının mərkəzə olan asılılıqları 1294-cü ilə qədər sürmüşdür.
Hülaku xanın  qurduğu dövlət tarixi ədəbiyyatdda Elxanlılar, bəzən isə onun adı ilə Hülakular dövləti adlanır. Hülakular dövlətinin əraziləri Fars körfəzindən Dərbəndə və Amudərya çayından Misirə qədər uzanırdı. Ölkənin ən başlıca və mühüm məmləkəti Azərbaycan idi.
 Şahzadə Yuşumut atasının hakimiyyəti illərində Muğan, Şirvan və Dərbəndin hakimi təyin olundu. Azərbaycanın əksər ərazisində, xüsusilə, onun şimal hissəsində monqolların güçlü hərbi hissələri məskən saldı. Hülaku xan oturaq əhalinin istismarı və yerli feodalların sıxışdırılması nəticəsində tezliklə iqtisadi cəhətdən qüvvətlənmiş və mərkəzləşdirilmiş dövlət təşkil edə bildi.
Hülaku xanın  Kit Buğa noyon başçılığındakı avanqard birlikləri 24 avqust 1252-ci ildə, özü isə 24 aprel 1253-cü il tarixində Qaraqorumdan hərəkət etmişdir. Qurultay qərarına görə ordunun iaşəsi qərbdəki Monqol rəiyyətləri tərəfindən qarşılanacaq, ayrıca güzərgah üzərindəki yollar və körpülər düzəldiləcəq, sulara və çəmən-çayırlıqlara əl qoyulacaqdı.
Hülaku xanın kampaniyası lurların məğlub edilməsinə, Xaşxaşilərin süqutuna, Bağdaddakı Abbasilər xilafətinin, Əyyubilər dövlətinin və son olaraq Misirdəki Bəhri Məmlük sultanlığının asılılığına və ya dağıdılmasına nail olmaq istəyirdi. Mengü xan tabe olanlarla mehriban davranılmasını, tabe olmayanların isə məhv edilməsini Hülakü xana əmr etdi. Hülakü xan işin ikinci hissəsinin təlimatlarını yaxşı şəkildə həyata keçirdi.
Avanqard birliklər may 1253-cü ildə İsmaililərə qarşı hərəkətə keçərək daha Hülaku gəlmədən bir çox qalanı təslim aldı. İsmaililər monqollar qarşısında tutunamadılar; mərkəzləri Əlamutda oturan rəisləri Rüknəddin Hurşah 19 noyabr 1256-cı il tarixində Hülaku xana təslim oldu. Hülaku xan qalanı yerlə yeksan edib, əhalini  qılıncdan keçirməsinə rəğmən Rüknəddinə yaxşı davrandı və onu bir Monqol şahzadəsiylə evləndirdikdən sonra Böyük xan Məngüyə göndərdi. Ancaq Məngü xan, qiymətli hədiyələrlə Qaraqoruma gələn Rüknəddini qəbul etməyərək onu hələ monqolların əlinə keçməmiş İsmaili qalalarının təslimindən sonra gəlməsi üçün Hülakuya geri göndərdi; ardından fikrini dəyişdirib dönüş yolçuluğu sırasında öldürülməsini əmr etdi. Hülaku çoxu Suriyada olan İsmaili qalalarının zəbtı işini Otçiğin noyona verdi. Qısa zamanda qalaların tamamı alındı; beləcə illərdən bəri bütün Yaxın şərqi təhdid edən İsmaili varlığı dağıdılmış oldu.
Rəvayətə görə Hülaku Əlamut qalasına hücumdan öncə 1255-ci ildə Abbasi xəlifəsi Müstasım-Billahdan bu hərəkat üçün əsgər göndərməsini istədi; ancaq xəlifə, bunun Bağdadın müdafiəsini zəiflətmək məqsədinə yönəlik bir taktika olduğunu düşünərək elçiyə müsbət cavab vermədi. Əlamutun zəbtindən sonra Hülaku xəlifəyə ikinci bir məktub daha yollayıb şəhərin divarlarını yıxmasını, xəndəkləri doldurmasını və idarəni oğluna buraxıb, şəxsən hüzuruna gəlməsini istədi. Xəlifənin bu təklifi də rədd etməsinə görə Hülaku xan, üçüncü bir məktubla Tanrının dünyanı idarə etmə vəzifəsini Çingiz xana və onun soyuna verdiyini bildirərək xəlifəni tənqid və təhdid etdi. Xəlifə isə məktubunda Məngü xanla və onunla dost olduğunu, elçilərin gətirdiyi xəbərlərə inanmadığını və əgər Bağdada qarşı hərəkətə keçəcək olursa, başına böyük fəlakətlər gələcəyini bildirdi. Bu cavaba görə  Hülaku  xan 27 mart 1257-ci ildə Həmədandan Bağdada hərəkət etdi və sağ qol, sol qol, mərkəz olmaq üzərə üçə ayırdığı ordusuyla şəhəri çəpər-çevrə mühasirə etdi. Daha öncə yaxınlarını, ailəsini və xəzinəsini yanına alıb bir gəmiylə Bəsrəyə qaçaqı təklifini necə olsa,  ona toxunulmayacağını düşünərək rədd edən xəlifə Müstasım 10 fevral 1258-ci ildə qeydsiz-şərtsiz təslim oldu; fəqət bir müddət üç oğluyla birlikdə Babülkəlvazada həbs edildikdən sonra işkəncəylə öldürüldü. Monqollar müxtəlif rəvayətlərə görə şəhəri 7, 30, 34 və ya 40 gün müddətlə yağma və talan-tarac edərkən, əhalisini  də qılıncdan keçirdilər. Yanan əsərlər arasında Xəlifə məscidi, Museyi-Kazımın türbəsi və Rusafedəki xəlifə məzarları da vardı. Xəlifədən xəzinələrini gizlədiyi yeri işkəncəylə öyrənən Hülaku xan bunları ələ keçirərək Urmiya gölünün ortasındakı Şahi  adasında tikdirdiyi qalaya göndərmiş, şəhərdən ayrılmadan öncə də Xəlifə məscidi ilə Museyi-Kazımın türbəsinin və yıxılan digər bəzi binaların təmirini əmr etmişdir.
Qaynaqarda Bağdadda qılıncdan keçirilən şəxslərin sayı haqqında 800.000 nəfərdən 2.300.000 nəfərə qədər dəyişən rəqəmlər verilir (H. Ahmet Özdemir, Monqol İstilası və Abbasi devletinin yıkılışı: Çingiz və Hülaku dönəmləri: 616-656/1219-1258 (doktora tezi, 1997), MÜ Sosyal Bilimlər Enstitüsü, səh. 141-226. s. 200). Bizcə bu rəqəmlər şişirtmə və qərəzlidir. Xəlifə Müstasımın öldürülməsi və Hülaku xanı Bağdadı istilaya təşviq etdiyi söylənən Abbasi vəziri İbn əl-Alkami ilə ilgili olaraq da fərqlı rəvayətlər vardır (Özdemir., s. 202 vd., 207 vd.). Bağdadın işğalı və Abbasi xilafətinə son verilməsi İslam tarixi və mədəniyəti baxımından bir dönüş nöqtəsi olmuşdur. Bu istila, sadəcə Bağdad üçün deyil, bütün İslam dünyası üçün bir fəlakət sayılır. Bu tarixdən etibarən İslam mədəniyətinin tənəzzülə və geriləməyə başladığı görünür. Əvəzində Azərbaycan-Türk mədəniyyəti, ədəbiyyatı və dili inkişaf etmişdi.
Hülaku xan qurultay tərəfindən ona verilən iki önəmli vəzifəni yerinə yetirdikdən sonra başlayacağı Suriya və Misir səfərinin hazırlıqlarını tamamlamaq üzrə ağırlıqlarının oduğu Həmədana, oradan da Azərbaycana keçdi; daha öncə Buğa Teymurun başçılığı altındakı  Monqol qüvvələri də Kufə, Vasıt və Bəsrə şəhərləriylə Xuzistan bölgəsini ələ keçirmişdi. Hülaku xan Suriya səfəri üçün lazım olan hazırlıqları tamamladıqdan sonra Kit Buğa noyonın başçılığındakı avanqard birliklərini göndərdi, özü də 12 sentyabr 1259-cu il tarixində Təbrizdən hərəkət etdi. Suriya şəhərləri yaxınlaşan Monqol təhlükəsinə qarşı ortaq bir cəbhə yarada bilmədilər. Bu səbəblə Urfa, Harran, Həma, Xüms və Dəməşq qısa zamanda Monqol qüvvələrinə təslim oldu. Şəxsən Hülaku xan tərəfindən idarə edilən və ermənilər və səlibçilər tərəfindən də dəstəklənən qüvvələr Hələbi mühasirə etdilər və bir müddət sonra ələ keçirdilər. Hələbin arxasından da Antakya dolaylarındakı Harim qalası da monqollara təslim oldu.
Məngü xanın ölümü üzərinə Xubilay ilə Arıq Buğa arasında başlayan böyük xanlıq mübarizəsi səbəbiylə Qaraqorumdakı gəlişmələri yaxından izləmək istəyən Hülaku xan Suriyadakı Monqol qüvvələrinin komandasını Kit Buğa noyona buraxıb şərqə hərəkət etmişdi. Kit Buğa, bəzi uğurlar əldə etməklə birlikdə 3 sentyabr 1260-cı il tarixində Fələstində Eynicəlutda Məmlük qüvvələrinə məğlub oldu və öldürüldü. İslam dünyasında böyük bir sevinc yaradan məmlüklərin bu zəfəriylə Suriya, Misir və Məğrib Monqol istilasından qurtarılmışdır. Monqollar bu savaşdan sonra Suriyanı istila məqsədiylə bir daha ciddi bir hərəkata təşəbbüs edə bilmədilər. Hülaku xanın intiqam almaq məqsədiylə göndərdiyi ordu dekabr 1260-cı ildə Hələb civarında çox sayıda müsəlmanı öldürdüysə də, qısa müdətdə geri çəkilmək məcburiyyətində qaldı.
Hülaku xan 1260-cı ildən sonra şərqdə Cığatay, şimalda Qızıl Orda və qərbdə Məmlük dövlətləriylə sürəkli şəkildə mübarizə aparmışdır. Bu dövlətlərdən Cığatay və Qızıl Ordanın Çingiz xanın oğul və nəvələri tərəfindən qurulmuş olması diqqət çəkicidir. Bu dönəmdə diqqət çəkən digər bir xüsus da Qızıl Orda-Məmlük dostluğuna qarşı yaradılan Elxanlı-Bizans-Fransa krallığı-səlibçilər iş birliyidir.
Monqollar səlibçi Yerusəlim krallığı ilə Franko-monqol ittifaqı formalaşdırmağa çalışdılar. Ancaq Papa IV Aleksandr bunu qadağan etdi. Sidonun Yulianı Kit Buğanın nəvələrindən birinin ölümü ilə nəticələnən hadisəyə səbəb olanda franklar və monqollar arasındakı gərginlik daha da artdı. Əsəbiləşən Kit Buğa noyon Sidonu talan etdi. Akranın baronları monqollara qarşı hərbi yardım axtarırdı. Məmlüklərin frankların ənənəvi düşməni olmasına baxmayaraq, Akranın baronları monqolları daha yaxın təhlükə olaraq tanıdı. Səlibçilər tərəf tutmaq yerinə iki qüvvə arasında neytrallıq mövqeyi tutdu. Ancaq məmlüklər hər hansı qeyri-adi vəziyyətdə hücum etmədən səlibçilərin ərazilərindən şimala yürüş edə və hətta yenidən təchiz olunmaq üçün Akra yaxınlığında düşərgə qura bilərdilər.
Müsəlmanlığı qəbul etmiş Bərkə xan Hülaku xanın Bağdadı talan etməsinin əvəzini çıxacağına söz vermişdi və məmlüklərlə ittifaq qurmuşdu. Qızıl Orda hökmdarı Bərkə xan sərkərdə Noğayın başçılığı ilə 30 minlik qoşunu Şirvana göndərdi. Hülaku xan vilayətlərdən qoşun topladı və Şirvana yola saldı. Dərbənd Hülaku xan tərəfindən tutuldu. Elxanlıların qoşunu qızılordalıları izləyərək Terek çayına yetişdi. Bərkə xan Elxanlıların üzərinə yeni qüvvələr göndərdi. 1263-cü il yanvarın 13-də Terek çayı sahilində baş vermiş qanlı vuruşmada Hülaku xanın qoşunu məğlubiyyətə uğradı və Şabrana doğru geri çəkildi. Dərbənd şəhəri yenidən qızılordalıların əlinə keçdi. Bu monqollar arasında ilk açıq müharibə idi və vahid imperatorluğun sonu demək idi.  İki qardaş dövlət arasındakı mübarizə Hülaku xandan sonra Elxanlı taxtına çıxan hökmdarlar zamanında da davam etmişdir.
Rum 1243-cü il Kösədağ döyüşü ilə Elxanlı hakimiyəti altına daxil olmuşdu. Hülaku xanın gəlməsindən sonra buradakı Monqol basqısı daha da artdı. Hülaku xan 1258-ci ildə Anadolunu, mərkəzi Konya və Tokat olmaq üzrə II İzzəddin Keykavus ilə IV Rüknəddin Qılıcarslan arasında böldü və hər iki sultanla ayrı-ayrı andlaşmalar apararaq Anadolunun Elxanlı dövlətinə ödədiyi vergini iki qatına qaldırdı. Hülaku xanın oğullarından Yəşmutun əmrindəki qüvvələr də  1260-cı ildə Məyyafarikini işğal edərək əl-Məlikül-Kamil Məhəmməd ibn Şəhabəddin Müzəffər Qazini öldürüb Əyyubilərin Məyyafarikin, Cəbəl və Sincar qoluna son verdilər (Рашид ад-дин, Фазлаллах, Джами-ат-Таварих : сборник летописей / Ф. Рашид-ад-дин ; сост. А. А. Ализаде ; Институт Востоковедения АН СССР, Институт Истории АН Азербайджанской ССР. Т. 3 / пер. с перс. А. К. Арендса ; ред.: Е. Э. Бертельс [и др.]. – Баку : Изд-во АН Азерб. ССР, 1957. – 361 с. c. 77-78).
Şirvanşahlar Elxani hökmdarlarının bütün səfərlərində qeyri-nizami qoşun dəstələri ilə iştirak etməli və öz süzereni qarşısındakı bütün təəhhüdlərini yerinə yetirməli idi. Məsələn, Şirvanşah II Axsitan ibn III Fəribürz h.653 (1256)-cü ildə Rum, İraq, Xorasan, Azərbaycan, Arran, Şirvan və Gürcüstan feodal hakimləri kimi, malikləri, sədrləri və əyanları ilə birlikdə “layiqli hədiyyələrlə” ismaililərə qarşı səfərə çıxmış Hülakü xanın yolüstü qərərgahına gəlmişdi. (А. А. Ализаде, c. 368-369)
Hülakü xanın hökmranlığı dövründə (1256-1265) Elxanlıların Şirvan üzərində hakimiyyəti gücləndi. Həmin dönəmdə monqol köçərilərinin və hərbi-köçəri zadəganlığının Şirvana axını son dərəcə artdı. Onlar münbit torpaqları, oturaq feodalların otlaqlarını zəbt edirdilər. Şirvanın əhalisi vergilərin ağırlığından və köçəri feodalların zülmündən əzab-əziyyət çəkirdilər. Bu dövrdə Şirvanşahın hakimiyyəti, görünür, nominal xarakter daşıyırdı və ölkənin ərazisi xeyli kiçildilmişdi. Şirvan, demək olar ki, yüzillik bir dövr ərzində Elxanlılarla Qızıl Orda xanları arasında hərbi əməliyyatlar meydanına çevrilmişdi.
Hülaku xan 1254-cü və 1255-ci ildə Böyük xan Məngü adına, 1256-cı ildə isə öz adına sikkə zərb etdirmiş və öz adını daşıyan pullara İslam dünyasındakı ənənəyə uyğun olaraq kəlimə-i tovhid qoydurmuşdur. Onun 1262-ci ildən etibarən imar-inşaat fəaliyətlərinə ağırlıq verdiyi və İran ilə Azərbaycanda bir çox abidə tikdirdiyi görünür. Bunlar arasında Təbriz, Aladağ və Marağadakı saraylarla Marağa rəsədxanası, Xoydaki Buddist məbədləri zikr edilə bilər.
8 fevral 1265-ci ildə Marağada qırx səkkiz yaşında ölən Hülaku xan xəzinələri üçün Şahi adasında tikdirdiyi qalada dəfn edildi. Hülaku xanın on iki arvadı, on dörd oğlu və yeddi qızı vardı. Ölümündən sonra taxtına böyük oğlu Abaqa xan əyləşmişdi.
Rəşidəddinin sözlərinə görə Hülaku xan elmləri çox sevir və sarayında alimləri, müdrik adamları saxlamağı xoşlayır və onların biliyindən istifadə edərdi. Hülaku xan  riyaziyyat, astrologiya, astronomiya və kimya ilə ilgilənmiş, ünlü alim Nəsirəddin Tusinin Marağada bir rəsədxana qurması üçün xeyli pul xərcləmişdi. Poçt təşkilatını inkişaf etdirmiş və beləcə idarəsi altındaki şəhərlər arasında rabitə və informasiya mübadiləsi asanlaşmışdır. Cəsur, qərarlı, savaş taktikalarını yaxşı bilən, comərd, üləma və filosofları qoruyan bir hökmdar olaraq tanınan Hülaku xan, Nəsirəddin Tusi ilə “Tarix-i Cahangüşa” adlı əsərində Çingiz xan və xələflərindən bəhs edən Əlaəddin Ata Məlik Cüveynini himayəsi altına almışdır. Ata Məlik Cüveyni Əlamutdakı kitabxananı özünə götürmüşdü.
Hülakü xan Mövlanə Cəlaləddin Rumini Anadolunun şeyxi etmiş və maddi-mənəvi dəstək vermişdi. O, Mövlanəyə bağlanmayan heç bir alimi, heç bir təkkəni, zaviyəni və mədrəsəni qəbul etmirdi.
Hülakü xan zəmanəsinin övladıydı və ziddiyyətli şəxsiyyəti vardı. Onun hərəkətlərini tarixə qaxınc etmək gərək deyil. O, türklər arasında buddist, bir az da şamanist kimi yetişdirilmişdi. Bu gündən çıxış edib, nədən xristianı sevirdi, müsəlmanı sevmirdi, – sualını vermək də yersizdir.
Hulaku xan – nifrət və hörmətdən ucada dayanan şəxs…
Ənvər Çingizoğlu
loading...