UFC tarixinin ən “təmiz” döyüşçüsü açıqlandı

İrlandiyalı qarışıq döyüş növləri (MMA) ustası Konor Makqreqor dopinq testlərdə mənfi nəticələrin sayına görə UFC-də liderdir.

Bu barədə təşkilatın vitse-prezidenti Ceff Novitski öz “Twitter” səhifəsində yazıb.Qurumun ali rəsmisi ABŞ-ın anti-dopinq agentliyinin məlumatlarını paylaşıb. 30 yaşlı irlandiyalı döyüşçü 49 dopinq testindən keçib və hər birində mənfi nəticə çıxıb. Onlardan 11-i amerikalı boksçu Floyd Meyuezerlə döyüşdən öncə olub.

Mənfi test nəticələrinə görə ikinci yerdə hazırkı UFC çempionu (ağır çəkidə), amerikalı döyüşçü Daniel Kormye (45 test), üçüncü yerdə isə braziliyalı döyüşçü Rafael Dos Anyos (41 nəticə) gəlir.

Qeyd edək ki, K.Makqreqor karyerası ərzində 21 qələbə qazanıb, dörd dəfə məğlub olub. Döyüşçü iki ayrı çəki kateqoriyasında UFC çempionu olub.

loading...